Yaraşıqlı, Klassik Üslublu Bina

Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu dövrlərdə hökumət işçilərinin çalışması üçün müvafiq bina olmadığından, belə bir binanın inşasına ehtiyac duyulub. Layihə üzərində çalışan memarlar qarşısında isə böyük sosialist dövlətinin qüdrətini və parlaq gələcəyini özündə əks etdirən bir bina inşa etmək vəzifəsi qoyulmuşdu.

Memar Nəriman Əliyevin bildirdiyinə görə, rəsmi Moskva hazırkı Hökumət Evinin tikilməsi qərarına XX əsrin 20-ci illərinin ikinci yarısında gəlib. 1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvəllərinə qədər uzanır və 1932-ci ildə müsabiqə elan edilir. İki illik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları olan Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak ediblər. Onların əsərləri bu günə kimi ən layiqli əsərlər sırasındadır. Lakin məlum səbəblər üzündən həmin layihə təsdiqlənmədi. Mütəxəssislər qeyd edirlər ki, onların layihəsi daha təkmil və əzəmətli idi. Moskvadan münsiflər heyəti müsabiqədə birinci yeri Lev Rudnevə veriblər.
Binanın layihəsi təsdiqləndikdən sonra onun tikintisi üçün xüsusi yer seçmək lazım gəlir. Şəhərin Qərb zonasından Şərqə doğru inkişaf etdiyini nəzərə alaraq mərkəzdə belə bir binanın tikilməsi məqsədəuyğun hesab edilir. Bu məqsədlə, mərkəzdə 6 hektardan artıq meydan seçilir. Qeyd edək ki, binanın qarşısında olan və hazırda "Azadlıq" adlanan meydan bütün keçmiş SSRİ ərazisində böyüklüyünə görə yeganədir. İkinci belə bir meydan isə Belarusun paytaxtı Minsk şəhərindədir. Lakin bu meydanının ərazisi Azadlıq meydanından bir qədər azdır. Həmin meydanın ərazisi 6 hektara yaxındır.

Binanın tikiləcəyi ərazi müəyyənləşdikdən sonra 13 mərtəbəli sovetlər binasının tikilməsi qərarı təsdiqlənir. Lakin bu zaman təsdiq olunan layihədə nöqsanlar üzə çıxır. Belə ki, 1931-ci ildə dövlətin verdiyi qərara görə, Azərbaycanda tikilən memarlıq əsərlərində millilik xüsusiyyəti əks olunmalı idi. Lakin rus memarının hazırladığı layihədə belə xüsusiyyətlər yox idi. Buna görə də binanın ilkin formasında kiçik dəyişikliklər etmək qərarına gəldilər.

İndi binada gördüyümüz çıxıntılar - dənizə tərəf olan tinlərdəki tağlar, məhz həmin dəyişikliyin nəticəsidir. Tağlar əvvəlcədən olmayıb. Layihə ölkənin millilik ornamentlərinin zəruriliyi qərarına görə dəyişdirilib. Diqqətlə fikir versək, görmək olur ki, 13 mərtəbəli binada yalnız 3 mərtəbəli tağ var. Düzdür, bu o qədər də dəhşətli səhv sayılmasa da, memarlıq baxımından savadsızlığa yol verilib. Tağların ətrafında yaranan eyvanların heç birinə, binanın heç bir mərtəbəsindən və ya otağından çıxışın olmaması da həmin savadsızlığın nəticələrindən biridir. N. Əliyevin sözlərinə görə, buradan belə bir nəticəyə gəlmək olar ki, həmin eyvanlar sadəcə olaraq, görkəm üçün - millilik xüsusiyyəti yaratmaq üçün inşa edilib.

Binanın inşasına 1934-cü ildə start verilsə də, İkinci dünya müharibəsinin başlanması bu sahədə gedən işləri yarımçıq qoyur. 1945-ci ildə İkinci dünya müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatandan sonra yarımçıq qalan binanın tikinti işləri yenidən bərpa edilir. N. Əliyevin sözlərinə görə, doğrudan da binanın tikintisində fəhlə kimi əsir alınan alman əsgərlərin gücündən istifadə edilib. Faşist əsgərlərinin binanın tikintisində iştirak etməsi tarixin danılmaz faktıdır.

Uzun prosesdən sonra, nəhayət, 1952-ci ildə bu binanın tikintisi başa çatır. Layihənin ilkin variantında 13 mərtəbədən ibarət olması planlaşdırılan binanın son 3 mərtəbəsi təxirə salınır.

Bu 3 mərtəbəni tikməkdən nəyə görə imtina olunması bəlli deyil. Memar Nəriman Əliyevin sözlərinə görə, ilkin ehtimallardan biri ondan ibarətdir ki, ayrılan pul çatmayıb. Tikilməsi nəzərdə tutulan binanın 3 mərtəbəsi təxirə salınaraq, onun vəsaitilə sonradan layihəyə əlavə edilən milli tağlar inşa olunur.
Mənbə: WikiPedia